Maliyyə Nazirliyi 2023-cü ildə dövlət borcunun 17 milyard 593,5 milyon manatadək artımını proqnozlaşdırır.
“İnterfaks-Azərbaycan”ın əldə etdiyi Maliyyə Nazirliyinin materiallarına əsasən, 2022-ci ilin sonuna Azərbaycanın dövlət borcu 16 milyard 476 milyon manat təşkil edəcək. Beləliklə, 2023-cü ildə ölkənin dövlət borcunun həcmi 6,8% artacaq.
Maliyyə Nazirliyinin qiymətləndirmələrinə görə, 2023-cü ildə xarici dövlət borcunun həcmi 1 milyard 405 milyon manat təşkil edəcək (2022-ci ildə 600 milyon manat olub).
2023-cü ildə Azərbaycan hökuməti dövlət borcunun xidmətinə 1 milyard 5 milyon manat yönəltməyi planlaşdırır (2022-ci ildə 1 milyard 792 milyon manat).
Maliyyə Nazirliyinin materiallarına əsasən, 2023-cü ildə dövlət borcunun artımı daxili bazarda daha aktiv borcalma ilə əlaqədar olacaq. Xüsusilə, 2022-ci ilin sonuna daxili dövlət borcunun məbləği 3 milyard 841,1 milyon manat təşkil edəcək. Gələn ilin sonuna isə daxili borc 5 milyard 64,1 milyon manata çatacaq.
2022-ci ilin sonuna xarici borc 12 milyard 634,9 milyon manat səviyyəsində gözlənilir, gələn ilin sonuna isə 12 milyard 529,4 milyon manatadək azalacaq.
1 iyul 2022-ci il tarixinə olan vəziyyətə görə, Azərbaycanın dövlət borcu 16 milyard 928,5 milyon manat və ya ÜDM-in 14,7%-i səviyyəsində, həmçinin xarici borcu - $7 milyard 882,3 milyon (13 milyard 402,7 milyon manat) və ya ÜDM-in 11,7%-i səviyyısində, daxili borc – 3 milyard 525,8 milyon manat və ya ÜDM-in 3%-i səviyyəsində qiymətləndirilir.
Xəbər verildiyi kimi, 1 yanvar 2022-ci il tarixinə Azərbaycanın dövlət borcu 16 milyard 899,1 milyon manat ($9 milyard 940,6 milyon) və ya ÜDM-in 18,2%-i səviyyəsində qiymətləndirilib. **
A.Əzizov