Pakistan İslam Respublikasının baş naziri Şahbaz Şərif cümə günü Azərbaycan prezidenti İlham Əliyev ilə görüş zamanı Azərbaycanın dövlət başçısını İslamabada səfərə dəvət edib.
“İnterfaks-Azərbaycan” dövlət başçısının saytına istinadən məlumat verir ki, Əliyev bu dəvəti qəbul edib.
Öz növbəsində, Əliyev Pakistanın baş nazirini Azərbaycana səfərə dəvət etdi.
Görüş zamanı Əliyev vurğuladı ki, Azərbaycan Cəmmu və Kəşmir məsələsində Pakistanın haqlı mövqeyini dəstəkləyir və bu məsələdə İslamabad ilə həmrəydir.
Öz növbəsində, Şərif bildirib ki, Azərbaycan ilə Pakistan arasında qardaşlıq və dostluq əlaqələri var. “Biz Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik", - Pakistanın baş naziri qeyd etdi.
“Söhbət zamanı ölkələrimiz arasında nəqliyyat, logistika, kənd təsərrüfatı, energetika, investisiyaların təşviqi, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi məsələləri ilə bağlı müzakirələr aparıldı və aidiyyəti dövlət qurumlarına tapşırıqlar verildi”, - məlumatda deyilir. **
R.Kərimov