Kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bu il ərzində 50 min hektar sahədə yazlıq və payızlıq əkin işləri aparılıb, növbəti illərdə əkin sahələri artırılacaq.
“Ötən il və bu il işğaldan azad edilmiş ərazilərdə 50 min hektar sahədə yazlıq və payızlıq əkin işləri aparılıb. Növbəti illərdə əkin ərazilərinin daha da artırılmasına dair tapşırıqlar verilib. Hazırda Kənd Təsərrüfatı Nazirliyi bu məsələ ilə məşğul olur”, - deyə Kərimov bu gün Şuşada keçirilən Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş Türk Biznes Forumunda çıxışı zamanı bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, nazir qeyd edib ki, ötən il ilk dəfə Kəlbəcər və Laçın rayonlarında qoyunçuluq və arıçılıq təsərrüfatlarının köçürülməsinə dair pilot layihə həyata keçirilib. Bu il həmin layihələr Qarabağ və Şərqi Zəngəzurun digər rayonlarında da reallaşdırılıb.
Kərimov forum iştirakçılarına müraciət edərək vurğulayıb ki, Azərbaycan hökuməti azad olunmuş ərazilərdə aqroparkların yaradılmasını məqsədəuyğun hesab edir. “Artıq Zəngilan rayonunda türkiyəli iş adamları ilə birgə belə bir layihə həyata keçirilir. Zəngilanda aqroparkın yaradılması iribuynuzlu mal-qara, heyvandarlıq məhsulları və yem istehsalını artırmağa, eləcə də dünya bazarına çıxmağa imkan verəcək. Türk Dövlətləri Təşkilatına daxil olan digər ölkələrin şirkətləri ilə də bu cür layihələrin həyata keçirilməsi mümkündür”, - deyə o əlavə edib.*
B.Rüstəmbəyov