2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $17 milyard 376 milyon 157,84 min təşkil edib ki, bu da 2021-ci ilin analoji dövrünün göstəricisindən 3,1 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi $35 milyard 112 milyon 990,32 min (2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə artım 1,7 dəfə) təşkil edib. Hesabat dövründə ixracın həcmi $26 milyard 244 milyon 574,08 min (artım 2 dəfə), idxalın həcmi $8 milyard 868 milyon 416,24 min (artım 20,7%) təşkil edib.
İxracın strukturunda əsas həcm (92,82%) neft-qaz sektoru məhsullarının payına düşüb.
İdxalın strukturunda 15,6% ərzaq məhsullarının, 0,71% tütün və tütün məhsullarının, 4,87% əczaçılıq məhsullarının, 0,51% gübrələrin, 3,53% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,7% oduncaq və ondan hazırlanan məmulatların, 1,93% geyim və geyim aksessuarlarının, 7,2% qara metallar və onlardan hazırlanan məmulatların, 20,12% maşın, mexanizm, elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 12,2% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,79% mebelin, 29,84% digər məhsulların payına düşüb.
Yanvar-avqust aylarında xarici ticarət əməliyyatlarında 8,119 min özəl və dövlət müəssisəsi və 33,036 min fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan 174 ölkə ilə ticarət əməliyyatları həyata keçirib.
Yanvar-avqust aylarında Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 48,88%-i), Türkiyə (9,36%), Hindistan (5,25%), İsrail (4,51%), Yunanıstan (3,29%), Böyük Britaniya (2,95%), Xorvatiya (2,27%), Çexiya (2,24%), Portuqaliya (2,08%) və Rusiya (2,07%) ilə, əsas idxal əməliyyatlarını isə Rusiya (18,65%), Türkiyə (16,07%), Çin (14,79%), Almaniya (4,48%), Qazaxıstan (3,68%), İran (3,4%), ABŞ (3,24%), Türkmənistan (2,55%), İtaliya (2,29%) və Yaponiya (2,09%) ilə həyata keçirib.
2021-ci ildə Azərbaycanın xarici ticarətinin müsbət saldosu $10 milyard 500 milyon 884,43 min təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 3,5 dəfə çoxdur.*
X.Nəsirzadə