Belqrad Azərbaycanla 2,6 Qvt/saat elektrik enerjisinin tədarükü ilə bağlı razılığa gəlib. Bunu Serbiyanın energetika naziri Zorana Mixayloviç deyib.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, Mixayloviç “Reuters”ə müsahibəsində bildirib ki, Serbiyanın “EPS” dövlət enerji şirkəti müvafiq razılıq əldə edib, indi Türkiyə ilə elektrik enerjisinin ötürülməsi məsələsi müzakirə olunur.
“Hazırda Belqrad Ankara ilə elektrik enerjisinin ötürülməsi ilə bağlı danışıqlar aparır”, - deyə energetika naziri qeyd edib.
Xatırladaq ki, Serbiya prezidenti Aleksandr Vuçiç Türkiyə tərəfinə müraciət edərək Azərbaycandan təxminən 2 Qvt/saat elektrik enerjisinin idxalı məsələsində kömək istədiyini bildirmişdi.
Avqustun 21-də Azərbaycan və Serbiya prezidentləri İlham Əliyev və Aleksandr Vuçiç arasında baş tutmuş telefon danışığının yekunları üzrə Serbiya dövlət başçısının dəftərxanası ölkənin Azərbaycandan əlverişli şərtlərlə elektrik enerjisi ala biləcəyi ilə bağlı məlumat yayıb.
Vuçiç kifayət həcmdə elektrik enerjisi təminatında köməklik üçün Əliyevə müraciət edib və Azərbaycan lideri bu xahişə münasibət bildirərək Serbiyanın Azərbaycandan sərfəli şərtlərlə elektrik enerjisi almasına dair dövlətlərarası sazişin təsdiq edilməsindən söz açıb.
Azərbaycan 2021-ci ildə 1,6 Qvt/saatdan çox elektrik enerjisi ixrac edib. Prezident İlham Əliyev bəyan edib ki, ölkə, ilk növbədə, Avropaya elektrik enerjisinin ixracını artırmağı planlaşdırır.*
R.Kərimov