Azərbaycan-Ermənistan sərhədində atəşkəs rejiminə əməl olunması göstərir ki, nə Bakı, nə də İrəvanın genişmiqyaslı eskalasiya niyyəti olmayıb. Bunu Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı deyib.
“Ermənistan-Azərbaycan sərhədi zonasında vəziyyətin kəskinləşməsinə, eskalasiyaya operativ reaksiya verdiyinizə görə də Sizə təşəkkürümü bildirmək istərdim. Döyüş toqquşmaları 8 saatdan az davam edib və dayandırılıb. Doğrudur, erməni tərəfi atəşkəs rejiminə dərhal əməl etməyə başlamadı, lakin bütövlükdə artıq iki sutkaya yaxındır ki, atəşkəs rejiminə riayət olunur. Sərhəd münaqişələri olur. Lakin əsas budur ki, vəziyyəti sabitləşdirmək, onu dinc şəraitə keçirmək mümkün olub. Mənim indi yerlərdən aldığım informasiyaya görə, dediyim kimi, artıq iki günə yaxındır ki, vəziyyət sabitləşib”, - deyə o bildirib.
Dövlət başçısının sözlərinə görə, indi əsas məsələ münasibətlərin başlanmaqda olan normallaşması prosesini pozmamaq, bu istiqamətdə irəliləməkdir.
İ.Əliyev Rusiyanın bu istiqamətdə, o cümlədən üçtərəfli komissiya çərçivəsində səylərini alqışladığını vurğulayıb.
“Bir daha demək istəyirəm ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli sənədlərə sadiqdir və biz Qafqazda vəziyyətin sabit olması üçün nə lazımdırsa edəcəyik”, - deyə o bildirib.*