Oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılışı olacaq. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O qeyd edib ki, Prezident İlham Əliyevlə birlikdə hava limanının açılış mərasimində iştirak edəcək.
“İlham Əliyev bizdən səfər tarixini təyin etməyi xahiş etdi. Hava limanının açılışından sonra biz Cəbrayıla gedəcəyik və orada təntənəli açılış mərasimi olacaq. Müvafiq razılaşma əldə olunub”, - deyə “Anadolu” agentliyi Ərdoğanın sözlərindən sitat gətirir.
Türkiyə Prezidenti Azərbaycanda keçiriləcək tədbirlərdə digər liderlərin iştirakını istisna etməyib. “Qərarı Bakı verəcək”, - deyə o bildirib.
Zəngilan Beynəlxalq Hava Limanının inşasına 2021-ci ilin yazında başlanılıb. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni isə 60 metrdir. Hava limanı terminalının buraxılış qabiliyyəti saatda 200 sərnişin üçün nəzərdə tutulub.
Hava limanına ICAO və IATA (UBBZ və ZZE) beynəlxalq kodları, eləcə də ICAO, EUROCONTROL və IATA çağırış siqnalları təyin edilib.*
R.Kərimov