Sentyabrın 18-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında olub. Bu barədə nazirliyin məlumatında deyilir.
“General-polkovnik Z.Həsənov Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı yaralanan və Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicə olunan hərbi qulluqçularla görüşərək onların səhhəti və qayğıları ilə maraqlanıb”, - deyə məlumatda bildirilir.
Müdafiə nazirinə məruzə olunub ki, hospitalda yaralı hərbçilərimizin müalicəsi üçün bütün tibbi personal yüksək peşəkarlıqla fəaliyyət göstərir.
Sonra nazir palatalarda müalicə olunan hərbi qulluqçulara baş çəkib, onların səhhəti və reabilitasiya prosesi ilə maraqlanıb, tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib.
General-polkovnik Z.Həsənov yaralı hərbi qulluqçularımıza göstərilən xidmətin daha keyfiyyətli təşkil olunması ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.
12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralanan 282 hərbi qulluqçudan 43 nəfəri ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıdıb, 115 nəfərin vəziyyəti kafi, 103 nəfər orta-ağır, 21 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.
Eyni zamanda, Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycan tərəfindən 2 mülki şəxs də yaralanıb. Yaralanan mülki şəxsdən 1 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb, 1 nəfərin vəziyyəti isə orta-ağır qiymətləndirilir.
12-14 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı Azərbaycan Silahı Qüvvələrinin 80 hərbi qulluqçusu (14 zabit, 23 gizir və çavuş, 43 əsgər) şəhid olub.*
R.Kərimov