2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 139 milyon 142,8 min ton yük daşınıb ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 11,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yük daşımalarının strukturunda 77,9% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 22,1% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, yanvar-avqust aylarında qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,9% artıb.
Hesabat dövründə dəmir yolu ilə 11 milyon 894,4 min ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 23,3% çoxdur.
Dəniz nəqliyyatı ilə 4 milyon 999,9 min ton (artım 35,5%), avtomobil nəqliyyatı ilə 79 milyon 507,2 min ton (artım 11,8%), hava nəqliyyatı ilə 299,1 min ton (azalma 6,2%) müxtəlif yük daşınıb. Yanvar-avqust aylarında daxili neft kəmərləri vasitəsilə 24 milyon 57,3 min ton neft (artım 3,1%) nəql olunub.
Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.**
N.Abbasova