“Azsığorta” ASC “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta xidmətinin göstərilməsini dayandırıb, bununla əlaqədar şirkətin bu növ xidmət zrə lisenziyasına xitam verilib.
“İnterfaks-Azərbaycan” agentliyi İcbari Sığorta Bürosuna (İSB) istinadən məlumat verir ki, “AzSığorta” Azərbaycan Mərkəzi Bankına (AMB) müvafiq müraciət ünvanlayıb.
“AMB 15 sentyabr 2022-ci il tarixindən şirkətin AVSMMİS növü üzrə icazəsini “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 105.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında ləğv etmişdir”, - məlumatda deyilir.
Bürodan bildirilir ki, sığortaçı lisenziyasının qüvvəsinin məhdudlaşdırıldığı sığorta növü üzrə əvvəllər bağlamış olduğu sığorta müqavilələrində üzərinə götürdüyü öhdəlikləri həmin müqavilələrin müddəti başa çatanadək yerinə yetirir.
“AzSığorta” şirkəti 2006-cı ilin noyabr ayında fəaliyyət göstərmək üçün lisenziya alıb və sığorta haqlarının və həyata keçirilən ödənişlərin həcminə görə Azərbaycanın aparıcı şirkətlərinin onluğuna daxildir. “AzSığorta” ASC-nin səhmdarı bir fiziki şəxsdir. Şirkətin nizamnamə kapitalı 20,3 milyon manata bərabərdir.**
X.Nəsirzadə