I yarımillikdə Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsinin həcmi $739,6 milyon təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,9 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
“Hesabat dövründə Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin həcmi ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,9 dəfə - $739,6 milyona qədər artıb. Turizm xidmətləri balansının kəsiri $110 milyon (azalma 12%) təşkil edib”, - AMB-dən cari ilin birinci yarısı üzrə tədiyə balansına istinadən qeyd ediblər.
Hesabat dövründə qeyri-rezidentlər tərəfindən Azərbaycan vətəndaşlarına $424,8 milyon məbləğində turizm xidmətləri (artım 2,2 dəfə) göstərilib. “Bu məbləğin 83,2%-i Azərbaycan vətəndaşlarının xaricə səfərlər zamanı sərf etdikləri vəsaitin payına düşüb”, - AMB-dən bildirilir.
Öz növbəsində, Azərbaycanda qeyri-rezidentlərə göstərilən turizm xidmətlərinin həcmi $314,8 milyon (artım 4,9 dəfə) təşkil edib.
2022-ci ilin yanvar-iyun aylarında xaricə səfər etmiş Azərbaycan vətəndaşlarının sayı 2,3 dəfə, ölkəyə turist axını 2,3 dəfə artıb.**
R.Əhmədov