“Azərbaycan Hava Yolları” QSC (AZAL) oktyabr ayının əvvəlindən AZAL Özbəkistanın daha bir şəhərinə - Səmərqəndə reyslərin yerinə yetirilməsini başlayır.
“Səmərqəndə uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək”, - aviaşirkətin məlumatında deyilir.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, bundan əlavə, AZAL Bakı-Daşkənd-Bakı marşrutu üzrə yerinə yetirilən reyslərin tezliyini həftədə 5 dəfəyədək artırmağı planlaşdırır. “Hazırda iki paytaxt arasında müntəzəm reyslər bazar ertəsi, çərşənbə və şənbə günləri yerinə yetirilir, tezliklə isə cümə axşamı və bazar günləri də həyata keçiriləcək”, - məlumatda qeyd olunur.
Yaxın zamanlarda aviaşirkətin www.azal.az rəsmi saytında aviabiletlərin satışının açılması gözlənilir. “AZAL”ın bu və digər reyslərinə aviabiletləri aviadaşıyıcının akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.
Qeyd olunan daşınma şərtlərinə uyğun gələn və qüvvədə olan epidemioloji məhdudiyyətlər şəraitində uçuşlarına icazə verilən sərnişinlər bu reyslərdə daşınmaya qəbul ediləcək. **
N.Abbasova