BMT baş katibi Antoniu Quterreş Nyu-Yorkda xarici işlər naziri Ceyhun Bayramovla görüşündə Azərbaycanla Ermənistan arasında atəşkəsin qorunacağına ümid etdiyini bildirib.
Tərəflər Azərbaycanla BMT arasında əməkdaşlığı müzakirə ediblər.
“Quterreş və Bayramov, həmçinin Ermənistan və Azərbaycan sərhədində baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparıblar. Baş katib atəşkəsin qorunub saxlanılacağına ümid etdiyini bildirib və iki ölkə arasında gərginliyin sülh yolu ilə həlli üçün BMT-nin bütün səyləri dəstəklədiyini vurğulayıb”, - deyə BMT-nin məlumatında bildirilir.
Xarici İşlər Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, Bayramov Quterreşə Ermənistanın təxribatları, sülh quruculuğu sahəsində Bakının təşəbbüsləri barədə məlumat verib.
“İşğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri, məcburi köçkünlərin bölgəyə geri qayıdışı barədə qarşı tərəfi məlumatlandıran nazir ərazilərimizdə mina təhlükəsinin aradan qaldırılması istiqamətində beynəlxalq səylərin artırılmasının vacibliyini vurğulayıb”, - deyə məlumatda qeyd olunur.*
R.Əhmədov