Fransa Xarici İşlər Nazirliyi sentyabrın 18-də erməni radikalların Azərbaycanın Parisdəki səfirliyinə basqını ilə əlaqədar təəssüfləndiyini bildirib.
Rəsmi Parisin reaksiyası barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qros “Twitter”də paylaşım edib.
“Biz Azərbaycanın Parisdəki səfirliyini hədəf alan qəbuledilməz insidentlərdən təəssüf hissi keçiririk”, - deyə Fransa XİN-in bəyanatında qeyd olunur.
XİN-dən vurğulanıb ki, Fransa səlahiyyətliləri səfirliyin təhlükəsizliyini bərpa etmək və onun normal fəaliyyətini təmin etmək üçün bütün tədbirləri görüblər. Belə hadisələrin bir daha baş verməməsi üçün ayıq-sayıqdırlar.
Xatırladaq ki, sentyabrın 18-də Fransadakı radikal erməni qrupları Azərbaycanın Parisdəki səfirliyinə basqın ediblər. Sentyabrın 19-da Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı Azərbaycan səfirliyinə törədilən hücumla bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib. Həmçinin diplomatik nümayəndəliyə və onun heyətinə təhlükə yaradan vandalizm aktının Fransanın hüquq-mühafizə orqanları tərəfindən hərtərəfli araşdırılması, müvafiq hüquqi qiymətin verilməsi, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi və vurulmuş ziyanın ödənilməsinin təmin olunması tələb edilib.*
R.Kərimov