2022-ci ilin yanvar-iyul aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 28 milyon 629,8 min ton təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə yüklərin 9 milyon 394,6 min tonu və ya 32,8%-i dəmir yolu nəqliyyatı (artım 22,3%), 15 milyon 466,1 min tonu və ya 54%-i avtomobil nəqliyyatı (artım 16,2%), 3 milyon 769,1 min tonu və ya 13,2%-i dəniz nəqliyyatı (artım 40,5%) ilə daşınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 27,2%-ni və ya 7 milyon 800,7 min tonunu tranzit yüklər (artım 46,9%) təşkil edib.
Xəbər verildiyi kimi, 2021-ci ildə TRACECA-nın Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 39 milyon 627,4 min ton (artım 3%) olub. Bu dövrdə dəhliz vasitəsilə daşınmış yüklərin 22,3%-ni və ya 8 milyon 826,3 min tonunu (artım 5,3%) tranzit yüklər təşkil edib.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.*
N.Abbasova