Azərbaycan-Ermənistan sərhədində bu yaxınlarda baş vermiş döyüş toqquşmaları tərəflər arasında sülh müqaviləsinin və danışıqlarda irəliləyişin olmamasından qaynaqlanıb. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev və Mərkəzin eksperti Vasif Hüseynov belə hesab edirlər. Onların sentyabrın 12-14-də sərhəddə baş vermiş döyüş toqquşmaları ilə bağlı fikirləri Amerikanın “The National Interest” jurnalının onlayn versiyasında dərc olunmuş birgə məqalədə yer alıb.
“Açıq şəkildə qeyd etmək lazımdır ki, son toqquşmaların səbəbi sülh müqaviləsinin və danışıqlarda hər hansı əhəmiyyətli irəliləyişin olmaması ilə bağlı olub”, - deyə Şəfiyev və Hüseynov hesab edirlər.
Məqalənin müəllifləri bildirirlər ki, toqquşmalar Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında avqustun 31-də Brüsseldə baş tutmuş çətin danışıqlardan sonra baş verib.
Avqustun 31-də keçirilən sammitdə Ermənistanla Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsinin təşviqi üzrə əsaslı işin gücləndirilməsi qərara alınıb.
Analitiklər vurğulayıblar ki, əgər Brüssel formatında ilk üç görüş (2021-ci ilin dekabr, 2022-ci ilin aprel və may ayları) sülh müqaviləsinin imzalanacağı ilə bağlı ümid vermişdisə, son görüşdən sonra Ermənistanın baş naziri Nikol Paşinyan münasibətlərin normallaşması istiqamətində səylərə zərbə vuran və Ermənistan-Azərbaycan sərhədində gərginliyi son dərəcə artıran bir sıra bəyanatlarla çıxış edib.
“Paşinyan yenidən “Dağlıq Qarabağın statusu” məsələsini qaldırıb və faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü qəbul etməyib. Paşinyan, həmçinin Naxçıvan və Azərbaycanın qalan hissəsi arasında dəmir yolunun tikintisi ilə bağlı mövqeyini də dəyişib”, - deyə məqalədə vurğulanır.
“Görünür, Ermənistan hökuməti indi bu razılaşmadan geri çəkilib”, - deyə analitiklər hesab edirlər.
Müəlliflər qeyd edirlər ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra ötən iki il göstərdi ki, vəziyyət dəyişməsə, qan tökülməsi dayanmayacaq. “Hər iki tərəf mümkün qədər tez bir zamanda bir sıra mühüm məsələlərlə bağlı razılığa gəlməlidir. Ən həll olunmamış məsələ öz həllini tapmalıdır: Ermənistan ya Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımalı, ya da münaqişə gündəliyi ilə məşğul olmağa davam etməlidir. Qarabağ məsələsinin həllini təxirə salmaq üçün əvvəlki cəhdlər uğursuzluqla nəticələndi. Qordi düyününü indi kəsmək lazımdır ki, gələcəkdə möhkəm sülh olsun”, - deyə Şəfiyev və Hüseynov vurğulayıblar.
Bundan başqa, onların fikrincə, dövlət sərhədlərinin delimitasiyası və qarşılıqlı tanınması ikitərəfli münasibətlərdə yeni səhifə açacaq, buna görə də İrəvan və Bakı sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyanın işini davam etdirməlidir.
Sülh gündəliyində duran digər vacib məsələ isə Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz erməni silahlı birləşmələrinin tərksilah edilməsi, regional nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası və humanitar məsələlərin həllidir. Ermənistan Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən sammitlərdə tərəflərin əldə etdiyi və Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatlarında öz əksini tapmış razılaşmalara əməl etməlidir”, - deyə analitiklər bildiriblər.
“Paşinyan 30 ilə yaxın dövr ərzində danışıqlar prosesini imitasiya etmiş və münaqişənin sülh yolu ilə həllini əngəlləmiş sələflərinin taktikasından istifadə etməməlidir. Bu taktika nəticə etibarilə 2020-ci ildə müharibəyə gətirib çıxardı”, - deyə müəlliflər hesab edirlər.
Onların fikrincə, əvvəllər Ermənistanla Azərbaycan arasında münaqişənin həlli ilə məşğul olmuş iri dövlətlərin, yəni Rusiya, Fransa və ABŞ-ın regionda maraqları üst-üstə düşmür. Bundan başqa, bəzən erməni lobbisi də Birləşmiş Ştatların siyasətinə təsir göstərir.*
R.Kərimov