Bakı son hərbi toqquşmalara baxmayaraq, İrəvanla sülh müqaviləsi üzrə prosesə vaxt itirmədən başlamağa hazırdır. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bəyan edib.
“Son hərbi toqquşmalara və itkilərimizə baxmayaraq, Azərbaycan sülh müqaviləsi üzrə prosesə vaxt itirmədən başlamağın tərəfdarıdır”, - Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmit ilə görüşü zamanı bildirib.
XİN başçısı Azərbaycanın ATƏT ilə əməkdaşlığa əhəmiyyət verdiyini, bu xüsusda cari post-münaqişə dövründə ölkəmiz ilə ATƏT arasında əməkdaşlıq proqramının həyata keçirilməsinin vacib olduğunu vurğulayıb.
Bununla yanaşı, Ermənistanın ATƏT çərçivəsində ənənəvi olaraq bir sıra destruktiv fəaliyyətini qeyd edib.
Bayramov ATƏT-in Baş katibinə Ermənistanın bölgədə həyata keçirdiyi son genişmiqyaslı təxribatlar və cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində Azərbaycanın irəli sürdüyü təşəbbüslər barədə ətraflı məlumat verib. Nazir Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası, ərazilərin minalardan təmizlənməsi kimi məsələlərə diqqət çəkib.
Şmit öz növbəsində son toqquşmalardan narahatlığını bildirərək, itkilərə görə baş sağlığı diləklərini çatdırıb. Baş katib ATƏT-in bölgədə uzunmüddətli təcrübələri nəzərə alınaraq, Bakı ilə İrəvan arasında normallaşma prosesinə dəstək verməyə hazır olduqlarını bildirib.
XİN-in məlumatında deyilir ki, tərəflər Azərbaycan-ATƏT əməkdaşlığı məsələləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. **
R.Kərimov