Bakı Cənubi Qafqazda sabitliyin pozulmasında maraqlı deyil. Bunu xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda keçirilən Qoşulmama Hərəkatının nazirlər görüşündə çıxışı zamanı deyib.
“Azərbaycan sabitliyin pozulmasında maraqlı deyil və sülhün təmin edilməsi üçün səyləri davam etdirəcək”, - deyə nazir vurğulayıb.
Ceyhun Bayramov 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma işləri və sülh quruculuğu təşəbbüsləri barədə iştirakçıları məlumatlandırıb.
Nazir Azərbaycan tərəfindən beynəlxalq hüququn norma və prinsipləri əsasında Ermənistana sülh sazişi imzalanması təklifinin irəli sürüldüyünü qeyd edib. Bütün bunlara baxmayaraq, Ermənistan silahlı qüvvələri tərəfindən 12 sentyabr tarixində Azərbaycana qarşı törədilən növbəti təxribatlar bölgədə sülh və quruculuq səylərinə mane olub.
O, iştirakçıların diqqətini Azərbaycandakı mina təhdidinə yönəldib və Ermənistanın ərazilərdə mina yerləşdirməkdə davam etməsi barədə məlumat verib.
Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Ceyhun Bayramovun sədrliyi ilə keçirilmiş iclasda Qoşulmama Hərəkatına üzv dövlətlərin 50-yə yaxın xarici işlər nazirləri, habelə nazir müavinləri və BMT yanında daimi nümayəndələri iştirak ediblər.*
R.Kərimov