Bratislava minasızlaşdırma sahəsində Azərbaycana dəstək vermək niyyətindədir. Bunu Slovakiyanın xarici və Avropa işləri naziri Rastislav Kaçer deyib.
O, Nyu-Yorkda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə Slovakiyanın geniş təcrübəsini və malik olduğu texnologiyaları nəzərə alaraq, minasızlaşdırma sahəsində səylərə dəstək vermək niyyətini diqqətə çatdırıb.
“İnterfaks-Azərbaycan” agentliyi Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, R.Kaçer ölkələrimiz arasında mövcud olan siyasi dialoqun davam etdirilməsinin vacibliyini səsləndirib. O, dövlətlərarası münasibətlərin təməlində duran beynəlxalq hüquq prinsiplərinə hörmət edilməsinin vacibliyini vurğulayıb. Slovakiya ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətlərini, əməkdaşlığı, iqtisadiyyat və ticarət sahəsində əlaqələri daha da inkişaf etdirmək əzmində olduğunu deyib.
C.Bayramov ölkələrimiz arasında ikitərəfli münasibətlərin bir sıra istiqamətlər üzrə inkişaf etdiyini və bu əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu qeyd edib. “İqtisadi sahədə ikitərəfli əməkdaşlığın inkişafı, habelə qarşılıqlı investisiyaların təşviqi məqsədilə tərəfimizdən ardıcıl işin aparılmasının əhəmiyyəti vurğulanıb”, - deyə məlumatda qeyd olunur.
XİN başçısı həmkarına 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı tərəfimizdən görülən tədbirlər, Ermənistan tərəfinin sözügedən bəyanatlarla üzərinə götürdüyü öhdəliklərə uyğun olmayan davranışları və son təxribatları, azad olunmuş ərazilərdə insanların həyatına birbaşa təhdid olan mina təhlükəsi ilə bağlı ətraflı məlumat verib.
Nazirlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini, habelə digər qarşılıqlı maraq doğuran istiqamətləri müzakirə ediblər.
Görüş sentyabrın 21-də Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində baş tutub.*
R.Kərimov