2021-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Azərbaycandakı layihələr üzrə cari portfeli 2,1 dəfə - 49,438 milyon avroya qədər azalıb. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu barədə bankın illik maliyyə hesabatında deyilir.
“1 yanvar 2022-ci il tarixinə bankın Azərbaycandakı layihələr üzrə portfeli 49,438 milyon avro təşkil edir (1 yanvar 2021-ci il tarixinə 105,366 milyon avro)”, - deyə hesabatda bildirilir.
Manatla olan borc qalığı 2020-ci ilin sonuna 4,841 milyon manata qarşı 2021-ci ilin sonuna 5,191 milyon manat təşkil edir.
Cari ilin əvvəlinə QDTİB-in kredit portfeli 2 milyard 370,215 milyon avro (2021-ci il ərzində artım 14,5% - İF) təşkil edir.
Qara Dəniz Ticarət və İnkişaf Bankı 1997-ci ilin yanvar ayında Qara dəniz hövzəsi ölkələrinin iqtisadiyyatının inkişafına dəstək göstərilməsi və regional əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə yaradılıb. Onun təsisçiləri və səhmdarları 11 ölkənin – Rusiya, Yunanıstan, Türkiyə, Bolqarıstan, Ukrayna, Rumıniya, Albaniya, Azərbaycan, Gürcüstan, Moldova və Ermənistan hökumətləridir. Bankın kapitalında Azərbaycanın payı 5%-dir.*
A.Əzizov