Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bəyan edib ki, Ermənistanın 12-14 sentyabr tarixlərində törətdiyi təxribatlar Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması və sülh müqaviləsinin bağlanması prosesini ləngitmək məqsədi daşıyıb.
Nazir bu fikirləri Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Beynəlxalq Böhran Qrupunun prezidenti və baş icraçı direktoru Komfort Ero ilə görüşdə səsləndirib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, C.Bayramov prosesin irəlilədilməsi üçün danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıb.
“XİN başçısı görüşdə 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə bölgədə sülh və sabitliyin təmin olunması istiqamətində ölkəmizin həyata keçirdiyi tədbirlər, bərpa və yenidənqurma işləri barədə məlumat verib, Ermənistanla sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü təklif üzrə fikir mübadiləsi aparılıb. Bununla yanaşı, müzakirələr çərçivəsində Beynəlxalq Böhran Qrupunun ölkəmizlə bağlı tərtib etdiyi hesabatlar üzrə məsələlər qarşı tərəfin diqqətinə çatdırılıb”, - deyə məlumatda qeyd olunur.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.*
R.Kərimov