Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını yeni il bayramı - Roş ha-Şana münasibətilə təbrik edib.
“Roş ha-Şana yeniliyi, mənəvi saflığı, xeyirxahlıq və həmrəylik duyğularını təcəssüm etdirir. Qoy, bu nurlu bayram ailələrinizə səadət, süfrələrinizə xeyir-bərəkət gətirsin”, - deyə dövlət başçısının saytında dərc olunmuş təbrikdə bildirilir.
O qeyd edib ki, ayrı-ayrı xalqlar və dinlər arasında qarşılıqlı hörmət və etimad mühitinin hökm sürdüyü Azərbaycanda məskunlaşan və buranı özünə doğma vətən bilən yəhudi icması yüz illərdir ki, sülh və əmin-amanlıq şəraitində yaşayaraq özünəməxsus adət-ənənələrini, dil və mədəniyyətini qoruyub saxlamış, tarixin heç bir dönəmində antisemitizm və ayrı-seçkiliklə üzləşməmişdir.
İ.Əliyev əlavə edib ki, yəhudi əsilli həmvətənlərimiz cəmiyyətimizin ayrılmaz hissəsi olaraq, digər xalqların və etiqadların nümayəndələri ilə birlikdə respublikamızda gedən böyük quruculuq işlərində yaxından iştirak edir, müasir Azərbaycanın inkişafı və tərəqqisi naminə səylərini əsirgəmir, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsində vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirirlər.*
R.Kərimov