Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Jozef Borrel 2027-ci ilə qədər Avropaya qaz ixracının iki dəfə artırılması haqqında Azərbaycanla imzalanmış sazişin Avropa İttifaqı üçün vacibliyini bəyan edib.
“Azərbaycanla imzalanmış qaz sazişi (2022-ci ilin iyulunda - İF) Aİ-nin enerji mənbələrinin şaxələndirilməsi səylərinə kömək edəcək”, - deyə Borrel bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, o əlavə edib ki, bu saziş, həmçinin enerji səmərəliliyi və ekoloji cəhətdən təmiz enerji sahəsində əməkdaşlığın əsasını qoymaqla Paris sazişinin hədəflərinə çatmağa kömək edəcək.
Borrel bildirib ki, Aİ Azərbaycanla demokratiyanın inkişafı və qanunun aliliyi məsələləri üzrə dialoqu da davam etdirməyə hazırdır.
Xəbər verildiyi kimi, 2022-ci il iyulun 18-də Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, 2027-ci ilədək Azərbaycandan Aİ-yə qaz ixracı 20 milyard kubmetrə çatacaq.
Azərbaycan 2020-ci il dekabrın 31-də Aİ-yə qaz ixracına başlayıb. 2021-ci ildə İtaliya, Yunanıstan və Bolqarıstana 8,2 milyard kubmetr qaz ixrac edilib. 2022-ci ildə ixracın həcmi 40% - 11,5 milyard kubmetrə qədər artacaq.*
R.Kərimov