Rəsmi Bakı Ermənistanın yol verdiyi kobud pozuntular, o cümlədən Azərbaycanın nəzarətinə keçmiş ərazilərin minalanması ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə məktub göndərib. Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov "Twitter"də yazıb.
“Faktlar göstərir ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan sonra işğaldan azad edilmiş ərazilərə, məsələn, Laçına 1300 mina yerləşdirib. Bu, məcburi köçkünlərin təhlükəsiz geri qayıdışının qarşısını alır. Üçtərəfli bəyanatın imzalanmasından sonra bu ərazilərdə heç bir hərbi əməliyyat olmayıb. Oraya minaların yerləşdirilməsinin məcburi köçkünlərin geri qayıdışının qarşısını almaqdan başqa heç bir məqsədi yoxdur”, - deyə o vurğulayıb.
Nazir müavini qeyd edib ki, 2020-ci ilin noyabr ayından bəri işğaldan azad edilmiş ərazilərdə mina partlayışları nəticəsində 240-dan çox azərbaycanlı həlak olub və ya yaralanıb. Ermənistan, həmçinin Beynəlxalq Ədalət Məhkəməsinin azərbaycanlılara qarşı irqi nifrətin qızışdırılmasının və təbliğinin qarşısının alınmasına dair əmrini yerinə yetirməyib. Eyni zamanda, hərbiləşdirilmiş qrupların nifrət nitqi və zorakılığına qarşı heç bir tədbir görməyib.
“Ümid edirik ki, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanı məhkəmənin qərarını pozduğuna görə məsuliyyətə cəlb edəcək”, - deyə E.Məmmədov əlavə edib.*
X.Nəsirzadə