Sentyabrın 22-də baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetinin Azərbaycan Respublikasının 2023-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin, Azərbaycan Respublikasının 2023-cü il və növbəti üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin müzakirəsinə həsr olunan geniş iclası keçirilib. Bu barədə Nazirlər Kabinetinin saytında məlumat verilib.
İclasda layihələrin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsinə qərar verilib.
2023-cü il dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat, xərcləri isə 33,3 milyard manat səviyyəsində nəzərdə tutulur, büdcə kəsirinin ÜDM-ə nisbəti 2,4% təşkil edir.
2023-cü il dövlət büdcəsinin sosialyönlü xərcləri cari illə müqayisədə 9,2% çox nəzərdə tutulub. Bundan başqa, Qarabağ və Şərqi Zəngəzurun bərpasına 3 milyard manat (dövlət büdcəsinin ümumi xərclərinin 9%-i) yönəldiləcək.
2023-cü il dövlət büdcəsində “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” ilə nəzərdə tutulan layihə və tədbirlərin maliyyələşdirilməsi üçün 5,2 milyard manat vəsait ayrılıb.*
X.Nəsirzadə