Sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniya Respublikasının baş naziri Dimitar Kovaçevski ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüş zamanı ölkələrimiz arasında ikitərəfli əlaqələr və regional vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycanla Şimali Makedoniya arasında ikitərəfli dostluq münasibətlərindən məmnunluğunu bildirib.
Baş nazir Dimitar Kovaçevski ölkələrimiz arasında münasibətlərin daha da inkişafında maraqlı olduqlarını, qurumlar arasında dialoqun davam etdirilməsinin vacibliyini səsləndirib. Azərbaycanın Avropanın enerji təminatına töhfəsi xüsusi vurğulanıb.
Tərəflər, həmçinin ATƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini, habelə digər qarşılıqlı maraq doğuran istiqamətləri müzakirə ediblər.*
X.Nəsirzadə