Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti, Macarıstan nümayəndəsi Ksaba Korosi ilə görüşüb. Bu barədə Azərbaycan XİN-dən məlumat verilir.
Görüşdə Azərbaycanın BMT çərçivəsində fəaliyyəti, BMT-nin ixtisaslaşmış qurumları ilə əməkdaşlıq əlaqələri, gələcək fəaliyyət istiqamətləri və gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Korosi Azərbaycanın BMT-nin ən fəal üzv ölkələrindən biri olduğunu qeyd edib və BMT üzvlüyünün 30 illiyi münasibətilə təbriklərini səsləndirib.
“Korosipost-münaqişə dövründə Azərbaycanın bölgədə dayanıqlı sülh quruculuğu səylərinin və quruculuq işlərinin təqdirəlayiq olduğunu söyləyib. Bununla yanaşı, bölgədə yaranmış vəziyyətin narahatlıq doğurduğu, çətinliklərin siyasi müstəvidə həllinin vacib olduğunu diqqətə çatdırıb”, - məlumatda deyilir.
Korosi, BMT-nin minasızlaşdırma fəaliyyəti sahəsində geniş imkanlarının olduğunu nəzərə alaraq, ərazilərimizin (Qarabağ və Şərqi Zngəzurun - İF) minalardan təmizlənməsi sahəsində birgə fəaliyyətin zəruriliyini qeyd edib.
Tərəflər, həmçinin BMT gündəliyində duran qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. **
X.Nəsirzadə