Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanla İndoneziya arasında yaxşı əməkdaşlıq perspektivləri görür.
“Hesab edirəm ki, hazırda ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin keyfiyyətcə yeni pilləyə qaldırılması, əlaqələrimizin yeni istiqamətlərinin müəyyənləşdirilməsi üçün yaxşı imkanlar var”, - Əliyev iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar İndoneziya prezidentiCoko Vidodoya ünvanladığı təbrik məktubunda deyilir.
Məktubun mətni şənbə günü dövlət başçısının saytında dərc olunub.
Əliyev ötən onilliklər ərzində qarşılıqlı inam və etimada əsaslanan Azərbaycan-İndoneziya əlaqələrinin yüksələn xətlə inkişaf edərək bugünkü səviyyəyə çatmasından məmnunluq ifadə edib.
Dövlət başçısının rəyinə görə, işğaldan azad olunmuş ərazilərdə Qarabağ və Şərqi Zəngzurda aparılan əsaslı bərpa və yenidənqurma işləri “əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi üçün əlverişli şərait yaradır”. “İnanıram ki, birgə səylərimizlə Azərbaycan-İndoneziya əlaqələrinin mövcud potensialından daha səmərəli istifadə olunmasına, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı fəaliyyətimizin daha da inkişafına nail ola bilərik”, - Əliyev məktubda yazıb.
O, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi dəstəyə və ədalətli mövqeyinə görə İndoneziya tərəfinə minnətdarlığını bildirib. “Biz ölkənizin BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanın haqq işini davamlı dəstəkləməsini yüksək qiymətləndirir, bunu həmrəyliyimizin və dostluğumuzun həqiqi təzahürü kimi dəyərləndiririk”, - Əliyev əlavə edib. **
R.Kərimov