Azərbaycan prezidenti İlham Əliyev şənbə günü "Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında" sərəncam imzalayıb.
Sənədin mətni dövlət başçısının saytında dərc olunub.
Komissiyanın sədri Azərbaycan Respublikası Baş nazirinin müavini təyin olunub. Həmçinin Komissiyaya aşağıdakı üzvlər daxil olub: fövqəladə hallar naziri, müdafiə sənayesi naziri, daxili işlər naziri, iqtisadiyyat naziri, kənd təsərrüfatı naziri, energetika naziri, rəqəmsal inkişaf və nəqliyyat naziri, səhiyyə naziri, ekologiya və təbii sərvətlər naziri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi, Qida Təhlükəsizliyi Agentliyinin sədri.
Sərəncama əsasən, Komissiyanın cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyi yaradılır. Katibliyin funksiyasının həyata keçirilməsi Nazirlər Kabinetinin Aparatına həvalə edilir.
Nazirlər Kabineti Komissiya haqqında Əsasnamənin layihəsini hazırlayıb bir ay müddətində Azərbaycan prezidentinə təqdim etməlidir. **
R.Kərimov