Nazirlər Kabineti “Azərbaycan Respublikasının 2023-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2023-cü il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” təsdiq edib və sənədlərin ölkə prezidentinə təqdim edilməsinə qərar verib. Baş nazir Əli Əsədov şənbə günü müvafiq qərar imzalayıb.
“Azərbaycan Respublikasının 2023-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2023-cü il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” bəyənilsin”, - deyə sənəddə qeyd olunur.
Qərara əsasən, qeyd edilən layihələr Azərbaycan prezidentinə təqdim ediləcək.
2023-cü il dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat, xərcləri isə 33,3 milyard manat səviyyəsində nəzərdə tutulur, büdcə kəsirinin ÜDM-ə nisbəti 2,4% təşkil edir.
2023-cü il dövlət büdcəsinin sosialyönlü xərcləri cari illə müqayisədə 9,2% çox nəzərdə tutulub. Bundan başqa, Qarabağ və Şərqi Zəngəzurun bərpasına 3 milyard manat (dövlət büdcəsinin ümumi xərclərinin 9%-i) yönəldiləcək.
2023-cü il dövlət büdcəsində “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” ilə nəzərdə tutulan layihə və tədbirlərin maliyyələşdirilməsi üçün 5,2 milyard manat vəsait ayrılıb.**