Azərbaycan prezidenti İlham Əliyev Türkmənistanla münasibətlərin inkişafına əminlik ifadə edib.
“Əminəm ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə ölkələrimiz arasında dostluq münasibətlərinin, zəngin potensiala malik həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı səmərəli əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq”, - Əliyev şənbə günü Türkmənistanın milli bayramı – Müstəqillik Günü münasibətilə Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədova ünvanladığı təbrik məktubunda qeyd edib.
Sənədin mətni dövlət başçısının saytında dərc olunub.
Əliyev qeyd edib ki, “ortaq mənəvi dəyərlər, dini-mədəni köklər ilə bir-birinə bağlı olan, tarixən mehribanlıq və qarşılıqlı anlaşma şəraitində yaşamış xalqlarımızın iradəsi Azərbaycan-Türkmənistan əlaqələrinin əsasını təşkil edir”.
“İkitərəfli və çoxtərəfli əlaqələrimizin ötən otuz ildə yüksələn xətt üzrə inkişaf etməsi və hazırkı strateji tərəfdaşlıq səviyyəsinə çatması məmnunluq doğurur. Biz münasibətlərimizin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk”, - Əliyev vurğulayıb.
Sentyabrın 27-də Türkmənistanın milli bayramı – Müstəqillik Günü qeyd olunur. **
R.Kərimov