Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çin ilə Cənubi Avropa arasında ən qısa quru marşrutun təmin edilməsi nöqteyi-nəzərindən Zəngəzur dəhlizinin istifadəyə verilməsinin vacibliyini qeyd edir.
“Kommunikasiyaların bərpası və Zəngəzur dəhlizinin həyata keçirilməsi yolu ilə formalaşan nəqliyyat qovşağı Çinlə Cənubi Avropa arasında ən qısa quru marşrutu təmin edəcək”, - Bayramov cümə günü Nyu-Yorkda BMT-də G77 və Çin Qrupunun “Ərzaq, yanacaq və maliyyə böhranlarının aradan qaldırılması və Dayanıqlı İnkişaf Məqsədlərinə çatmağın yolları” mövzusunda 46-cı illik Nazirlər iclasında iştirakı zamnaı bildirib. Bu barədə Azərbaycan XİN məlumat verir.
XİN-in məlumatına görə, nazir ərzaq, yanacaq və maliyyə böhranları ilə mübarizədə, habelə onların nəticələrinin aradan qaldırılmasında qlobal həmrəylik və əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Sözügedən qlobal problemlərlə mübarizədə G77-nin birgə səylərin konsolidasiyası, habelə həmrəyliyin, əməkdaşlığın möhkəmləndirilməsi və BMT sisteminin mərkəzi mövqeyinin vurğulanmasına öz töhfəsini verə biləcəyinə dair əminlik ifadə edib.
Bayramov bəyan edib ki, G77-nin nisbətən yeni üzvü olmasına baxmayaraq, Azərbaycan bu qrupun işinə fəal töhfə verməyə çalışır. Bu xüsusda, nazir Qoşulmama Hərəkatının (QH) fəaliyyətdə olan sədri kimi Azərbaycanın QH və G77 arasında səmərəli qarşılıqlı fəaliyyətin qurulmasına çalışdığını söyləyib.
Nazir əlavə edib ki, Azərbaycan COVID-19 pandemiyasının yaratdığı problemlərin həllində 80-dən çox inkişaf etməkdə olan ölkəyə beynəlxalq humanitar, texniki və maliyyə yardımı göstərib və bundan sonra da Cənub-Cənub əməkdaşlığının etibarlı tərəfdaşlarından biri kimi öz dəstəyini əsirgəməyəcək. **
R.Kərimov