Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda Sinqapurun xarici işlər naziri Vivian Balakrişnan ilə keçirdiyi görüş zamanı Azərbaycanla Sinqapur arasında iqtisadi əməkdaşlıq Komissiyasının təsis edilməsi məsələsini müzakirə edib. Bu barədə şənbə günü Azərbaycan XİN-dən məlumat verilib.
“Görüş zamanı, eyni zamanda Azərbaycanla Sinqapur arasında iqtisadi əməkdaşlıq Komissiyasının təsis edilməsinin, təhsil sahəsində əməkdaşlığın perspektivləri, mədəniyyət sahəsində mübadilələrin həyata keçirilməsi, habelə qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər müzakirə edilib”, - XİN-in məlumatında deyilir.
Balakrişnan Sinqapurun Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğunu, iki ölkə arasında qarşılıqlı faydalı biznes əlaqələrinin inkişaf etdirilməsi üçün imkanların araşdırıldığı qeyd edib.
Öz növbəsində, Bayramov bəyan edib ki, Bakı və Sinqapur münasibətlərin siyasi, iqtisadi, ticarət, yüksək texnologiyalar və digər sahələrdə inkişaf üçün böyük potensiala malikdir.
Həmçinin, Bayramov ABŞ-a səfəri çərçivəsində Sloveniya və Andorranın xarici işlər nazirləri Tanja Fajon və Maria Ubac Font ilə görüşüb.
Fajon ilə görüş zamanı Bayramov müxtəlif sahələrdə Azərbaycan-Sloveniya əlaqələrini inkişaf etdirmək üçün imkanların araşdırılmasının zəruriliyini qeyd edib.
Öz növbəsində, Sloveniya XİN başçısı iqtisadi və energetika sahəsində əlaqələrin genişləndirilməsi üçün marağın olduğunu bildirib. Nazir Sloveniyanın minasızlaşdırma sahəsində Azərbaycanla əməkdaşlıq etdiyini və bu əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu diqqətə çatdırıb.
Fajon Cənubi Qafqaz bölgəsində yaranmış gərginliyə görə narahatlığını diqqətə çatdırıb və problemlərin siyasi-diplomatik müstəvidə həllinin zəruri olduğunu qeyd edib.
XİN-in məlumatında qeyd olunur ki, görüş zamanı Bakı ilə Lyublyana arasında ikitərəfli siyasi dialoqun davam etdirilməsinin vacibliyi vurğulanıb.
Bayramov Andorra Knyazlığının xarici işlər naziri Maria Ubac Font ilə görüşü əsnasında iki ölkə arasında diplomatik münasibətlərin çox uğurla inkişaf etdiyini qeyd edib və Andorra ilə bir çox sahələrdə, o cümlədən turizm və təhsil sahəsində əməkdaşlıqda maraqlı olduğumuzu diqqətə çatdırıb.
Öz növbəsində, Andorra XİN başçısı iki ölkə arasında münasibətlərdən məmnunluğunu bildirib və yerli şirkətlərin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Azərbaycan XİN-dən bildirilir ki, Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində keçirilən görüşlər zamanı bu yaxınlarda Ermənistan tərəfinin törətdiyi təxribatlar barədə həmkarlarına məlumat verib. **
R.Kərimov