Bakı Nəqliyyat Agentliyi (BNA) dayanacaq pavilyonlarında mövcud olan çatışmazlıqların aradan qaldırılması məqsədilə lazım olan mal, iş və xidmətlərin satın alınmasına 2,3 milyon manatdan artıq vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az saytına istinadən xəbər verir ki, bu məqsədlə BNA “SM CONSTRUCTION SUPPLIES” MMC ilə müqavilə bağlayıb.
Müqavilə çərçivəsində görüləcək işlərə Bakı Nəqliyyat Agentliyinin balansında olan dayanacaq pavilyonlarında mövcud olan çatışmazlıqların aradan qaldırılması məqsədilə lazım olan mal, iş və xidmətlərin satın alınması; mövcud bəzi dayanacaqların sökülməsi və quraşdırılması işlərinin satın alınması; habelə yeni dayanacaq pavilyonlarının satın alınması və quraşdırılması daxildir.
Müqavilənin dəyəri 2 milyon 340 min 394,3 manatdır.
Bakı Nəqliyyat Agentliyi Azərbaycan Prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.
Prezident İlham Əliyev 2022-ci il fevralın 7-də “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb. Fərmana əsasən, BNA publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib.*
N.Abbasova