Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə Xəzəryanı dövlətlərin konfransı çərçivəsində parlamentarilərin görüşünə hazırlıqla bağlı fəal addımların atılmasını təklif edib.
“Xəzəryanı dövlətlərin parlament konfransının keçirilməsinə gəlincə, əgər siz dəstək versəniz, biz sabah müvafiq müraciət hazırlayaraq, Xarici İşlər nazirliklərinin xətti ilə Xəzər dövlətləri ilə işləyəcəyik”, - deyə o, bu gün keçirilən görüşdə bildirib.
Volodin hesab edir ki, belə olan halda konfransın təxmini tarixini də müəyyən etmək mümkün olacaq.
Dövlət Dumasının sədri iki ölkənin prezidentləri tərəfindən fevralın 22-də imzalanmış və parlamentlərarası əlaqələrin inkişaf etdirilməsinin vacibliyi ilə bağlı xüsusi bəndin yer aldığı Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin effektiv şəkildə həyata keçirilməsi istiqamətində atılan addımlar barədə məlumat verib.
Volodin müvafiq sazişin müzakirəsini başa çatdırmaq üçün S.Qafarovanı Rusiyaya səfərə dəvət edib və sənədin bu rəsmi səfər zamanı imzalanmasının doğru olacağını qeyd edib.
O, Azərbaycan rəhbərliyinin rus dilinə münasibətini də diqqətə çatdırıb. “Bunu digər ölkələrə nümunə göstərmək lazımdır”, - deyə Volodin vurğulayıb.*