2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 11,8% - 19 milyard 136,8 milyon manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Avqustda bankların kredit portfeli 0,8% və ya 151,2 milyon manat artıb.
Avqustun sonuna vaxtı keçmiş kreditlərin həcmi 659,7 milyon manat (hesabat dövründə azalma 8,3% - İF) və ya bütün kreditlərin 3,4%-ni (2021-ci ilin sonuna 4,2%) təşkil edir.
Avqustun 31-nə dövlətin iştirak payına malik olduğu banklar tərəfindən 3 milyard 809,9 milyon manat (artım 14,3%) və ya bütün kreditlərin 19,9%-i, özəl banklar tərəfindən 14 milyard 828,8 milyon manat (artım 11,3%) və ya bütün kreditlərin 77,5%-i həcmində kredit verilib. Qalan 498,2 milyon manat (artım 8,1%) bank olmayan kredit təşkilatlarının payına düşür.
Avqustun sonuna verilmiş kreditlərin ümumi həcmindən 14 milyard 901,6 milyon manat (artım 17,4%) milli valyuta, 4 milyard 235,3 milyon manat (azalma 4,3%) xarici valyuta ilə verilib. Bu dövrdə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 22,1% (2021-ci ilin sonuna 25,8%) təşkil edir.
Bankların kredit qoyuluşlarının strukturunda 3 milyard 131,8 milyon manat (bütün kreditlərin 16,4%-i) ticarət və xidmət sahələrinin, 608,9 milyon manat (3,2%) mədən sənayesi və elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı sektorunun, 598,8 milyon manat (3,1%) kənd/meşə təsərrüfatı və balıqçılıq sahələrinin, 1 milyard 192,5 milyon manat (6,2%) tikinti və daşınmaz əmlak sahələrinin, 1 milyard 71,8 milyon manat (5,6%) sənaye və istehsal sektorunun, 759,1 milyon manat (4%) nəqliyyat və rabitə sahələrinin, 10 milyard 328,2 milyon manat (54%) ev təsərrüfatlarının, qalan məbləğ isə digər sektorların payına düşüb. Yanvar-avqust aylarında bankların ev təsərrüfatlarının kreditləşdirilməsi üzrə portfeli 20% artıb (avqustda artım 2,2% və ya 219,5 milyon manat təşkil edib).*
R.Əhmədov