2022-ci ilin yanvar-avqust aylarında əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 17,5% - 10 milyard 858,4 milyon manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Avqustda əhalinin bank əmanətləri 41,3 milyon manat (iyulda +220,9 milyon manat) artıb.
8 ay ərzində əhalinin xarici valyutada bank əmanətləri 13,7% - 4 milyard 310,2 milyon manatadək və ya bütün əmanətlərin 39,7%-i səviyyəsində artıb (2021-ci ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 41% təşkil edib). Avqustda əhalinin xarici valyutada bank əmanətləri 4,1 milyon manat azalıb (iyulda 52 milyon manat artıb).
Yanvar-avqust aylarında əhalinin milli valyutada əmanətlərinin həcmi 20,1% - 6 milyard 548,1 milyon manatadək (bütün əmanətlərin 60,3%-i) artıb. Avqust ayında milli valyutada əmanətlərin həcmi 45,4 milyon manat artıb (iyulda +168,9 milyon manat).
Rezidentlərin bank əmanətlərinin həcmi 9 milyard 982 milyon manat, qeyri-rezidentlərin – 876,5 milyon manat təşkil edir. Yanvar-avqust aylarında rezidentlərin əmanətlərinin həcmi 11,6%, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 2,9 dəfə artıb. Avqust ayında rezidentlərin əmanətlərinin həcmi 3,5 milyon manat (iyulda +185 milyon manat), qeyri-rezidentlərin əmanətlərinin həcmi 37,8 milyon manat (iyulda +35,9 milyon manat) artıb.
2022-ci il avqustun 31-nə banklarda əmanət və depozitlərin həcmi 32 milyard 836,1 milyon manat təşkil edir ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 13,1% çoxdur. Avqustda banklarda əmanət və depozitlərin həcmi 878,8 milyon manat artıb (iyulda 459,8 milyon manat azalıb).*
A.Əzizov