31 avqust 2022-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri rekord səviyyəyə - 42 milyard 404,4 milyon manata çatıb. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Xəbər verildiyi kimi, 31 dekabr 2021-ci il tarixinə bankların aktivləri 38 milyard 462,2 milyon manat məbləğində olub. Beləliklə, yanvar-avqust aylarında bankların aktivləri 10,2% artıb.
Avqustda bankların aktivləri 2% və ya 814,7 milyon manat artıb.
Avqustun sonuna bankların kredit portfeli 18 milyard 638,6 milyon manat (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 11,9% - İF) təşkil edir.
Bankların ümumi kapitallaşması 5 milyard 266,5 milyon manat (artım 6%) təşkil edir.
Bankların öhdəlikləri 37 milyard 137,9 milyon manata (artım 10,9%) bərabərdir. Eyni zamanda, bankların Mərkəzi Bank qarşısında öhdəlikləri 274,7 milyon manat məbləğində (azalma 13,9%) qiymətləndirilir. Banklarda depozit portfeli 30 milyard 437,2 milyon manat (artım 13%), o cümlədən əhalinin əmanətləri 10 milyard 632 milyon manat (artım 17,7%) təşkil edir.
Tənzimləyicinin məlumatına görə, 2022-ci ilin yanvar-avqust aylarında bankların ümumi xalis mənfəəti 589,4 milyon manat təşkil edib (2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə artım 29,5%).
Hesabat dövründə bankların faiz gəlirləri 1 milyard 715,8 milyon manat (artım 26%), o cümlədən verilmiş kreditlər üzrə 1 milyard 408,6 milyon manat (artım 29%) təşkil edib.
Bankların qeyri-faiz gəlirləri 762,3 milyon manat məbləğində (artım 32,3%) olub.
Bu dövrdə bankların faiz xərcləri 409,8 milyon manat (artım 16,2%), o cümlədən depozitlər üzrə 284,6 milyon manat (artım 22,7%), qeyri-faiz xərcləri 1 milyard 183,3 milyon manat (artım 29,1%) təşkil edib.
Yanvar-avqust aylarının yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 849,9 milyon manat (artım 31,8%) təşkil edib.
Hesabat dövründə bankların vergi ödənilənədək ümumi mənfəəti 725,2 milyon manat (artım 35%), mənfəət vergisi üzrə ödənişlər 135,8 milyon manat (artım 65,8%) məbləğində qiymətləndirilir.
31 avqust 2022-ci il tarixinə respublikada 26 bank fəaliyyət göstərir. Bu bankların 12-si xarici kapitallıdır.
Bankların 483 filialı (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 0,8%) və 94 şöbəsi (2021-ci ilin sonuna 97) var.
Bank sektorunda 21,947 min nəfər (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 8%) çalışır.*
X.Nəsirzadə