Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Milli Məclisin sədri Sahibə Qafarovanı ilin sonuna qədər Rusiyaya səfərə dəvət edib. O, səfər zamanı Dövlət Duması ilə Milli Məclis arasında qarşılıqlı fəaliyyət haqqında sazişin imzalanmasını təklif edib.
Volodin bu təklifi bu gün Bakıda S.Qafarova ilə danışıqlar zamanı səsləndirib.
“İnterfaks-Azərbaycan” agentliyi Dövlət Dumasına istinadən xəbər verir ki, görüş zamanı ikitərəfli əlaqələr, ticarət və təhsilin inkişafı və mədəniyyətlərarası kommunikasiya məsələləri müzakirə olunub.
“Belə ki, 2022-ci ilin yanvar-iyun aylarında RF ilə Azərbaycan arasında ticarət dövriyyəsinin $1,67 milyard təşkil etdiyi və bunun 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,9% artıq olduğu vurğulanıb. İki ölkə arasında bu sahədə münasibətlər dinamik inkişaf edir”, - deyə Volodin vurğulayıb.
Öz növbəsində, Qafarova əlavə edib ki, Rusiya Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biridir.
Volodin, həmçinin Dövlət Dumasında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərginin keçirilməsini təklif edib.*
R.Əhmədov