Fransa Prezidenti Emmanuel Makron bəyan edib ki, Prezident İlham Əliyevlə telefon danışığı aparmağı planlaşdırır.
Makron bu gün Parisdə Ermənistanın baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransında bildirib ki, Cənubi Qafqaz regionunda böhranlı vəziyyət hökm sürür.
O, Ermənistanla Azərbaycan arasında danışıqların bərpa olunmasının vacibliyini vurğulayıb. “Danışıqlar müxtəlif formatlarda, xüsusilə Aİ-nin himayəsi altında aparılır və bu danışıqları bərpa etmək lazımdır. Sülhə və danışıqların bərpasına çağırıram”, - deyə Makron bildirib.
Onun sözlərinə görə, regionda qeyri-sabitliyə son qoyulmasını və həll yollarının tapılmasını istəyən Azərbaycan Prezidenti ilə telefon danışığı aparmaq niyyətindədir.
Fransa lideri qeyd edib ki, Ermənistanın baş naziri ilə regionda barışığın möhkəmləndirilməsi, yeni eskalasiyanın qarşısının alınması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, BMT və ATƏT-in fəaliyyəti, Ermənistanla Türkiyə arasında münasibətlərin nizamlanması ilə bağlı məsələləri müzakirə edəcək.
“Bu, çətin, lakin çox zəruri prosesdir və Fransanın da bu məsələdə öz öhdəlikləri var. Bu proses region üçün son dərəcə önəmlidir”, - deyə Makron vurğulayıb.*