Şuşa şəhərində Yuxarı Gövhər Ağa məscidində aparılan bərpa işləri 2023-cü ilin sonunadək yekunlaşacaq.
Sentyabrın 27-də Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində Yuxarı Gövhər Ağa məscidini ziyarət edib, burada aparılan yenidənqurma və bərpa işləri ilə tanış olublar.
Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına görülən işlər barədə məlumat verdi.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, Yuxarı Gövhər Ağa məscidində bərpa işləri 2021-ci ilin noyabr ayından başlayıb.
Bu günədək məsciddə möhkəmləndirmə işləri görülüb. Hazırda minarələrin boya işlərinə başlanılıb.
Məsciddə bərpa prosesi Avstriyanın “Wehdorn Architekten” şirkətinin nəzarəti ilə aparılır. Konservasiya və bərpa işləri ilkin memarlıq üslubuna uyğun olaraq Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən və “Paşa Holdinq”in maliyyə dəstəyi ilə həyata keçirilir. **
X.Nəsirzadə