Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2022-ci ildə Azərbaycanda ÜDM-in artımını 4,5% səviyyəsində proqnozlaşdırır. Bu barədə bankın “Regional İqtisadi Perspektivlər” (Regional Economic Prospects) icmalının sentyabr sayında deyilir.
Bu qiymətləndirmə bankın may proqnozuna uyğundur.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, AYİB 2023-cü ildə ÜDM-in artım proqnozunu 2,5% səviyyəsində saxlayıb.
“Qeyri-enerji sektorunun güclü göstəriciləri 2022-ci ilin ilk yeddi ayı ərzində 6,2% səviyyəsində iqtisadi artıma səbəb olub. Qeyri-neft sektorunda artım 9,9% təşkil etsə də, neft-qaz sektorunda 0,4% azalma olub (neft hasilatı 4,5% azalıb, qaz hasilatı 15,3% artıb)”, - deyə icmalda bildirilir.
AYİB qeyd edir ki, karbohidrogenlərin qiymətinin yüksək olması Azərbaycanın ixrac gəlirlərini demək olar ki, iki dəfə artırıb və cari hesabda (6 ay ərzində $10,3 milyard) və dövlət büdcəsində böyük profisit yaradıb.
Bankın qiymətləndirmələrinə görə, iyunda Azərbaycanda inflyasiya 14,2%-dək artıb, iyulda isə 13,7%-dək azalıb ki, bu da inflyasiya təzyiqinin zəifləməsi deməkdir.
“Azərbaycan Mərkəzi Bankı ilkin mərhələdə inflyasiyanın artmasına sərt reaksiya verib və 2021-ci ilin sentyabr ayından 2022-ci ilin mart ayına qədər olan dövrdə uçot dərəcəsini 150 bazis bəndi artırıb, lakin sonrakı dövrlərdə bu məsələyə ehtiyatla yanaşıb”, - deyə bank vurğulayır.
AYİB-də hesab edirlər ki, yüksək enerji qiymətləri yaxın perspektivdə Azərbaycanda iqtisadi artımı dəstəkləyəcək: 2022-ci ildə 4,5%, 2023-cü ildə 2,5%. Azərbaycan iqtisadiyyatı üçün risklər balanslaşdırılıb və bir çox hallarda enerji qiymətləri ilə bağlıdır”, - deyə icmalda qeyd olunur.
AYİB-in qiymətləndirmələrinə görə, 2022-2023-cü illərdə Ermənistanda ÜDM müvafiq olaraq 8% və 4%, Gürcüstanda isə 8% və 5% artacaq.
Azərbaycan hökuməti 2022-ci ildə ÜDM-in 3,5%, 2023-cü ildə 2,7% artacağını proqnozlaşdırır.
2021-ci ildə Azərbaycanda ÜDM 5,6% artıb.*
A.Əzizov