Gürcüstanda rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev sentyabrın 28-də bu ölkənin Müdafiə Qüvvələrinin komandanı general-mayor Giorgi Matiaşvili ilə görüşüb.
“Görüşdə birgə təlim, konfrans və treninqlərin həm ikitərəfli və Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatında, həm də NATO çərçivəsində həyata keçirilməsinin vacibliyi vurğulanıb. Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin iştirakı ilə cari ilin oktyabr ayında keçiriləcək “Qafqaz Qartalı-2022” xüsusi təyinatlı bölmələrin birgə təliminə hazırlıq, həmçinin gələn il ərzində keçirilməsi nəzərdə tutulan “Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təlimi və “Qafqaz Qartalı-2023” birgə təliminin yüksək səviyyədə təşkili barədə müzakirələr aparılıb”, - deyə Müdafiə Nazirliyindən bildirilib.
Görüşdə regionda sülhün və təhlükəsizliyin təmin olunması məsələləri, iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
“Tərəflər, həmçinin regional iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsinə, hərbi-texniki, hərbi təhsil, hərbi tibb və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparıblar”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə