Dövlət Vergi Xidməti səlahiyyətli orqanları ilə ölkələrarası və maliyyə hesabatlarının avtomatik mübadiləsi həyata keçirilən xarici dövlətlərin (ərazilərin) siyahısını genişləndirib.
“İnterfaks-Azərbaycan”a məlumat verilib ki, 2017-ci ildə Dövlət Vergi Xidməti “Maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşma”ya, 2021-ci ildə - “Ölkələrarası hesabatların mübadiləsinə dair səlahiyyətli orqanların Çoxtərəfli Sazişi”nə qoşulub.
İlkin olaraq maliyyə hesabları barədə avtomatik məlumat mübadiləsinə dair 90 ölkə, daha sonra isə 99 ölkə ilə tərəfdaşlıq razılaşdırılıb, ölkələrarası hesabatların mübadiləsinə dair 89 ölkə ilə tərəfdaşlıq bəyan edilib.
DSX-nin məlumatına əsasən, ötən dövr ərzində Çoxtərəfli Razılaşmaya və Çoxtərəfli Sazişə yeni üzvlər qoşulduğundan, Azərbaycan tərəfindən maliyyə hesabları barədə avtomatik məlumat mübadiləsi üçün əlavə 17 ölkə ilə (Bruney, Dominika, Ekvador, Yamayka, Qazaxıstan, Keniya, Liberiya, Maldiv adaları, Moldova, Monteneqro, Mərakeş, Yeni Kaledoniya, Oman, Peru, Tailand, Uqanda, Vanuatu) və dövlətlərarası hesabatların avtomatik mübadiləsi üçün əlavə iki ölkə ilə (Barbados, Maldiv adaları) tərəfdaşlıq genişləndirilib.
Nəticədə, Azərbaycan maliyyə hesabları barədə avtomatik məlumat mübadiləsi çərçivəsində 116 ölkə, ölkələrarası hesabatların avtomatik mübadiləsi çərçivəsində isə 91 ölkə ilə məlumat mübadiləsi aparacaq. **
A.Əzizov