Azərbaycan 2022-ci ilin yanvar-iyul aylarında Türkiyəyə “Şahdəniz” yatağından hasil edilən 5 milyard 160,38 milyon kubmetr qaz ixrac edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 4,8% azdır. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) məlumatında deyilir.
2022-ci ilin iyul ayında Azərbaycandan Türkiyəyə 709,97 milyon kubmetr qaz qaz ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31,47% çoxdur. İyul ayında Türkiyəyə qaz ixracının ümumi həcminin 20,81%-i Azərbaycanın payına düşüb.
Azərbaycan iyul ayında Türkiyəyə qaz ixracının həcminə görə üçüncü pillədə qalıb. Birinci yerdə Rusiya (42,45%), ikinci yerdə İran (25,52%), dördüncü yerdə Əlcəzair (11,22%) qərarlaşıb.
Cari ilin iyul ayında Türkiyəyə 3 milyard 411,44 milyon kubmetr qaz (2021-ci ilin iyul ayı ilə müqayisədə azalma 15,71%) ixrac edilib.
3 milyard 28,64 milyon kubmetr boru kəməri qazının (bütün ixracın 88,78%-i, azalma 12,95%), 382,8 milyon kubmetr (bütün ixracın 11,22%-i, azalma 32,66%) isə LNG-nin payına düşüb.
Türkiyəyə qaz ixracı 4 ölkədən (Azərbaycan, Rusiya, İran (boru kəmərləri ilə), Əlcəzair (LNG)) həyata keçirilib.
Türkiyəyə “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” və “Mərhələ-2” çərçivəsində hasil olunan Azərbaycan qazı ixrac edilir.
2021-ci ilin III rübündə Azərbaycan və Türkiyə arasında 2024-cü ilin sonuna qədər Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəql ediləcək 11 milyard kubmetr təbii qazın alqı-satqısı haqqında yeni müqavilə imzalanıb. Müqavilə çərçivəsində nəql 2021-ci il oktyabrın 1-dən həyata keçirilir. Müqavilə üzrə 2022-ci il üçün nəql 2,55 milyard kubmetr, illik ixrac pik həddə 3,7 milyard kubmetr həcmində nəzərdə tutulub.
2021-ci ildə Azərbaycan Türkiyəyə “Şahdəniz” yatağından hasil edilən 8 milyard 820,24 milyon kubmetr qaz (azalma 22,7%) ixrac edib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. Müqavilə üzrə tərəflərin iştirak payı aşağıdakı kimidir: BP (operator – 29,99%), SOCAR (21,02%), LUKOIL (19,99%), NICO (10%) və TPAO (19%).**
N.Abbasova