Cümə axşamı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransa Prezidenti Kabinetinin kontinental Avropa və Türkiyə üzrə müşaviri İzabel Dümon ilə görüşüb, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması məsələləri müzakirə olunub.
“İnterfaks-Azərbaycan” agentliyi XİN-ə istinadən məlumat verir ki, görüş zamanı Azərbaycanla Fransa arasında ikitərəfli siyasi və iqtisadi əməkdaşlıq məsələləri, Azərbaycanla Ermənistan arasında bölgədə yaranmış gərginlik və normallaşma prosesi istiqamətində zəruri addımlar müzakirə olunub.
“Bayramov Ermənistan tərəfindən sərhədyanı bölgələrdə təxribatlar barədə ətraflı məlumat verib. Nazir İrəvanın liderlər səviyyəsində əldə edilmiş (Azərbaycan, Ermənistan və RF - İF) razılıqlar çərçivəsində öhdəliklərini yerinə yetirmədiyini, normallaşma prosesi üzrə beynəlxalq səylərə maneçilik törətdiyini bildirib”, - məlumatda deyilir.
Bayramov bölgədə sabitliyin təmin olunması, Ermənistan ilə kommunikasiyaların açılması, delimitasiya prosesi və sülh sazişinin imzalanması barədə ölkəmizin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.
Öz növbəsində, Dümon bölgədə vəziyyətin sabitləşməsinin, atəşkəsə əməl edərək, normallaşma prosesinin və danışıqların bərpa olunmasının zəruriliyini vurğulayıb. O, Parisin qeyd edilən prosesdə dəstək göstərməyə hazır olduğunu qeyd edib.
Tərəflər digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar. **
X.Nəsirzadə