Bakı və Sofiya arasında ikitərəfli əməkdaşlığın intensiv inkişafı qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağa imkan verib. Bunu Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev deyib.
“Biz Azərbaycanla sıx dostluq, qarşılıqlı hörmət münasibətlərinə malikik. Bizim ən yüksək səviyyədə siyasi dialoqumuz il ərzində çox fəal olub, münasibətlərimiz artıq strateji tərəfdaşlıq səviyyəsinə qalxıb. Bizim üçün Azərbaycan etibarlı və sınanmış tərəfdaşdır. Əminəm, bizim qarşılıqlı marağımız var ki, bütün sahələr üzrə praqmatik və səmərəli münasibətlərimizi inkişaf etdirək”, - deyə o, sentyabrın 30-da Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdə bildirib.
Radev qeyd edib ki, Əliyevin Sofiyaya səfəri çərçivəsində Yunanıstan-Bolqarıstan qaz İnterkonnektorunun açılışı olacaq.
“Bu, həm bizim üçün, həm Avropa qitəsi üçün strateji əhəmiyyətə malik bir layihədir. Çünki bununla Avropanın enerji xəritəsini yenidən cızırıq. Biz artıq Azərbaycandan real olaraq təbii qaz alacağıq. Bu da təbii ki, bizim təminatı və təchizatı şaxələndirəcək”, - deyə Bolqarıstan lideri vurğulayıb.
Onun sözlərinə görə, tərəflər görüşdə innovasiya, yüksək texnologiyalar, ticarət, sərmayə qoyuluşu, mədəniyyət və elm sahələrində ikitərəfli əməkdaşlığı da müzakirə edəcəklər, bu isə əlaqələrin dərinləşməsinə xidmət edəcək.*
X.Nəsirzadə