Bakı ilə Sofiya arasında enerji sahəsində əməkdaşlığın çox böyük gələcəyi var. Bunu Prezident İlham Əliyev deyib.
“Bolqarıstan və Azərbaycan strateji tərəfdaşdırlar. Strateji tərəfdaşlıq haqqında Bəyannamə yeddi il bundan əvvəl imzalanıb və bu illər ərzində bu strateji tərəfdaşlıq demək olar ki, bir çox sahələrdə özünü göstərmişdir. Bolqarıstan-Azərbaycan əlaqələri çoxşaxəli əlaqələrdir. Bu gün, əlbəttə ki, qarşılıqlı maraqlar üzərində qurulmuş o strateji tərəfdaşlıq yeni imkanlar açır. Çünki enerji sahəsində başlanılan çox ciddi əməkdaşlığın çox böyük gələcəyi var. Biz bu işin birinci mərhələsindəyik. Əminəm ki, bu gün Sizinlə təkbətək görüşdə müzakirə etdiyimiz mövzularla bağlı gələcəkdə praktiki addımlar atılacaq. Azərbaycan etibarlı qaz təchizatçısı kimi Avropa ölkələri üçün önəm daşıyan ölkədir. Bizim üçün də Avropa bazarı, o cümlədən Bolqarıstan və Sizin qonşu ölkələrin bazarları böyük maraq kəsb edir”, - deyə dövlət başçısı sentyabrın 30-da Sofiyada Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə geniş tərkibdə görüşdə bildirib.
“Sabah Bolqarıstanda çox önəmli hadisə baş verəcək – biz Yunanıstan-Bolqarıstan İnterkonnektoru layihəsinin başlanğıcını qeyd edəcəyik. Bu münasibətlə bəri başdan Sizi təbrik edirəm”, - deyə İ.Əliyev qeyd edib.
Onun sözlərinə görə, təkcə enerji məsələləri deyil, digər sahələrdə də, xüsusilə humanitar sahədə yaxşı nəticələr var.
“Nəqliyyat sahəsində “Orta dəhliz”in həyata keçirilməsi, Şərq-Qərb nəqliyyat dəhlizinin fəaliyyəti, əlbəttə ki, ölkələrimizi bir-birinə daha da sıx bağlayacaq. Əminəm ki, gələcəkdə təmaslarımız çox olacaq və bizim onsuz da geniş olan gündəliyə yeni məsələlər daxil ediləcək”, - deyə İ.Əliyev əlavə edib.*
N.Abbasova