Prezident İlham Əliyev 1 oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə bu ölkənin sədri Si Cinpini təbrik edib.
“Hazırda Azərbaycan ilə Çin arasında bütün sahələrdə, xüsusilə də iqtisadi-ticari, nəqliyyat-logistika, sərmayə qoyuluşu, enerji, kənd təsərrüfatı və humanitar sahələrdə səmərəli əməkdaşlığımızın yeni məzmunla zənginləşməsi üçün yaxşı perspektivlər var. Eyni zamanda, biz işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma və bərpa işlərində Çin şirkətləri ilə birgə fəaliyyətimizin genişlənməsində maraqlıyıq. İnanıram ki, müxtəlif sahələrdəki, o cümlədən təşəbbüskarı olduğunuz “Kəmər və yol” layihəsi çərçivəsində mövcud potensialdan tam şəkildə istifadə etməklə qarşılıqlı faydalı əməkdaşlığımızı daha da möhkəmləndirə və dərinləşdirə bilərik”, - deyə dövlət başçısının saytında dərc olunmuş təbrik məktubunda bildirilir.
İ.Əliyev vurğulayıb ki, Bakı tarixi ənənələrə əsaslanan Azərbaycan-Çin əlaqələrinə xüsusi əhəmiyyət verir. “Məmnunluqla qeyd etmək istəyirəm ki, diplomatik münasibətlərimizin qurulduğu otuz ildə ölkələrimiz arasında dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığımız dinamik inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir”, - deyə prezident qeyd edib.
“Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə Çinin dəstəyini yüksək qiymətləndiririk. Azərbaycan da ölkənizin suverenliyini və ərazi bütövlüyünü hər zaman birmənalı şəkildə dəstəkləmişdir. Bu yaxınlarda Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilmiş Sammiti çərçivəsində Sizinlə keçirdiyimiz görüşü ən xoş təəssüratlarla xatırlayıram. Hesab edirəm ki, apardığımız ətraflı fikir mübadiləsi və müzakirələr qarşılıqlı etimad və dəstək üzərində qurulmuş dövlətlərarası əlaqələrimizin hərtərəfli inkişafına yeni təkan verəcək. Əminəm ki, birgə səylərimizlə Azərbaycan-Çin dostluğu və strateji tərəfdaşlığı xalqlarımızın rifahı və ölkələrimizin maraqlarına uyğun olaraq bundan sonra da genişlənməkdə və möhkəmlənməkdə davam edəcək”, - deyə təbrikdə bildirilir.*
R.Kərimov