Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 1-də Bolqarıstanın paytaxtı Sofiyada Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakis ilə görüşdə enerji sahəsində əməkdaşlığı müzakirə edib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
“Görüşdə enerji sahəsində əməkdaşlıq məsələlərinə toxunulub, bu xüsusda TAP layihəsinin əhəmiyyəti vurğulanıb”, - deyə məlumatda bildirilir.
Həmçinin Yunanıstan ilə Bolqarıstan arasında istifadəyə veriləcək təbii qaz interkonnektorunun əhəmiyyəti qeyd olunub.
Eyni zamanda, Azərbaycan ilə Avropa İttifaqı arasında iyulun 18-də Bakıda imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun vacibliyi bildirilib.
Prezident İlham Əliyev 30 sentyabr-1 oktyabr tarixlərində Bolqarıstanda rəsmi səfərdədir.*
R.Kərimov